© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ceyhun Bayramov dost ölkələri Qarabağın bərpasında iştirak etməyə çağırdı

İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir, bütün bu işləri öz maddi imkanları hesabına görür: “Dost ölkələrin şirkətlərinin qeyd olunan yenidənqurma işlərində iştirakı bizim üçün önəm kəsb edir. Bu kontekstdə, cari ilin sentyabrında Bakıda, eləcə də Budapeştdə baş tutmuş Türk Şurasının biznes forumları əhəmiyyət kəsb edir”.

Bayramov qeyd edib ki, əsas çətinlik azad edilmiş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır: “Müharibə bitdikdən bu günə qədər minaların partlaması səbəbindən 33 nəfər həlak olmuş, 134 nəfər isə yaralanıb.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ölkəmizin əsas prioritetlərindəndir, dost ölkələrin şirkətlərinin bu prosesdə yaxından iştirakı önəmlidir”.

Nazir həmçinin bildirib ki, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılıb: “Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir. Əminəm ki, bu, regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaqdır. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir. Ümid edirik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR