Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi davam etdirilir

Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublika əhəmiyyətli avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 kilometr sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Hazırda layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Buna paralel olaraq yol əsası hazır olan hissələrin polimer asfalt-beton qarışığı ilə döşənməsi işləri də görülür.

Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 santimetr təşkil edəcək. Layihə çərçivəsində yolboyu 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 72 suötürücü borunun inşası yekunlaşmaq üzrədir. Həmçinin yolboyu 30 avtobus dayanacağı da tikiləcək.

Bundan başqa, uzunluqları 20 metrdən 175 metrədək dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də yekunlaşdırılır. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58,9-cu kilometrdə Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci kilometrində Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Layihənin icrası həm də ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır. Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

XƏBƏRƏ AİD ŞƏKİLLƏR

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık