Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Hələ də davam edən OPEC+ danışıqları: Azərbaycan hasilatı rekord həcmdə azaldır

Hələ də davam edən OPEC+ danışıqları: Azərbaycan hasilatı rekord həcmdə azaldır

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında ötən gün axşam başlayan və bütün gecəni davam edən danışıqlarının yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” layihəsi razılaşdırılıb. Amma Meksikanın hasilatı  təklif olunan həcmdə azaltmaq istəməməsi üzündən layihə hələlik qəbul edilməyib və danışıqlarda fasilə yaranıb.

Azərbaycanın Energetika Nazirliyindən danışıqların yekununa dair yayılan açıqlamada deyilir ki, yeni ”Əməkdaşlıq Bəyannaməsi” gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. Lakin Meksika ”Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq bu mərhələlər üzrə müvafiq olaraq 400-320-240 min barel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb. Meksika istisna olmaqla digər “OPEC +” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər.

 

“Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, OPEC + ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 milyon barel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6 085 milyon barel, qeyri-OPEC ölkələri üçün isə 3 915 milyon barel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18 faiz olmaqla 8 milyon barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4 868 milyon, qeyri-OPEC üzrə isə 3 132 milyon barel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq.

Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə OPEC+ üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14 faiz  olmaqla 6 milyon barel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3 651 milyon barel, qeyri-OPEC üzrə 2 349 milyon barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.

Videokonfransa OPEC + ölkələri ilə yanaşı ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb. İclasda OPEC + formatından kənar neft ölkələrinə də bu prosesə qoşulmaq çağırışı edilib.

İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov deyib: “Bu, bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik. Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə OPEC+ formatından kənar ölkələrin cəlbi isə olduqca vacibdir.”

 

Nazir onu da əlavə edib ki, hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirməlidir.  OPEC+ formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş oldu. 

Ötən gün Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və ABŞ prezidenti Donald Tramp arasında da neft bazarındakı vəziyyəti sabitləşdirmək üçün telefon danışıqlar olub. ABŞ hasilatın azaldılması razılaşmasına birbaşa qoşulmaq istəmir və bunu belə əsaslandırır ki, Birləşmiş Ştatlarda neft hasilatı onsuz da aşağı düşüb.

 

“Mən elə indicə Rusiya prezidenti Vladimir Putinlə və Səudiyyə Ərəbistanı kralı Salmanla danışdım, bizim neft hasilatı və OPEC barədə geniş söhbətimiz oldu, habelə onu müzakirə etdik ki, hansı tədbirlər sayəsində sənayemizin özünü yaxşı hiss etməsini, neft sənayesinin işlərinin indikindən daha yaxşı olmasını təmin edə bilərik”,-ABŞ prezidenti Ağ evdə bildirib.

Trampın sözlərinə görə, göstəricilər indi o qədər aşağıdır ki, bütün dünyada istehsal dayana bilər, o cümlədən ABŞ-da. “Biz istəmirik ki, bu baş versin. Bizim çox yaxşı söhbətimiz oldu. Baxaq görək nə olacaq”,-o deyib.

Tramp əlavə edib ki, OPEC+ ölkələri yekun razılaşmaya yaxındır və tezliklə bunun açıqlanacağı gözlənilir.

Danışıqlar isə bu gün aprelin 10-da yenidən davam etdiriləcək.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık