Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Roberto Mançini: "AVRO-2020-nin təxirə salınması İtaliya üçün üstünlük ola bilər"

Roberto Mançini:

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AVRO-2020-nin koronavirus pandemiyası üzündən təxirə salınması ilə bağlı fikirlərini bölüşüb.

56 yaşlı mütəxəssis Avropa çempionatının bu il baş tutmamasından məyusluğunu bildirib. O, eyni zamanda təxirasalmanın İtaliya yığması üçün kiçik üstünlük olacağını vurğulayıb: "Biz gənc komandayıq və əlavə bir il iş təcrübəsi bəzi futbolçuların xeyrinə ola bilər. Fikrimcə, biz kuboku qazanmağa qadir komandalar içərisində olacağıq".

"Öz oyunçularım üçün qaydalar müəyyənləşdirməyi sevmirəm. Onların şəxsiyyətlərinə aid məsələlərə müdaxilə etmək düzgün olmaz" deyən Mançini koronavirusun futbola təsirindən və həkimlərin əməyindən də danışıb: "Koronavirus bizi çox şeyə öyrətdi. Məsələn, siz əzəmətli, ən varlı, ən gözəl insan ola bilərsiniz. Amma xəstəlik arzuolunmaz düşmən kimi gəldikdə, sizin hər şeyinizi kökündən vura bilər. Ümidvaram ki, bütün bunlardan sonra insanlar daha xeyirxah olacaqlar və biz futbola yalnız zövq almaq üçün baxacağıq. Biz təkcə böhran dövründə yox, bütün bunlar başa çatdıqdan sonra da səhiyyə işçilərini xatırlamalıyıq. Onları indi tərifləmək çox asandır".

İtaliya Futbol Federasiyası "Coverciano" təlim-məşq bazasını 50 otağı və tibbi ləvazimatları ilə birgə xəstəxana kimi həkimlərin ixtiyarına verib.

Qeyd edək ki, İtaliya millisi seçmə mərhələdəki 10 görüşünün hamısından qalib ayrılıb. AVRO-2020-də isə bu komanda Türkiyə, Uels və İsveçrə ilə birgə A qrupunda mübarizə aparacaq. Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyulda keçiriləcək.  

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık