Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Koronavirusun ikinci dalğasını istəmiriksə... - BUNLARA ƏMƏL ETMƏLİYİK

Koronavirusun ikinci dalğasını istəmiriksə... - BUNLARA ƏMƏL ETMƏLİYİK

Dünyada koronavirus təhlükəsi davam edir. Sərhədlər bağlıdır, ölkələrin əksəriyyətində dərslərin təxirə salınıb. Azərbaycan da dünya ölkələrindən biri kimi bu təhlükədən sığortalanmayıb. İki aya yaxındır məktəblərdə tədris dayandırılıb. Bir aydan çox davam edən karantin rejiminin nisbətən yumşaldılması prosesi bu həftənin əvvəlindən başlayıb. İndi əhalini mayın 4-dən sonra karantin rejiminin davam edib-etməyəcəyi düşündürür. Amma müşahidəçilərin fikrincə, aprelin 27-dən bir sıra iş və xidmət yerlərinin açılması əhali arasında arxayınlıq yaradarsa və sosial təcrid qaydalarına əməl olunmazsa, vəziyyət yenidən pisləşə bilər. Ona görə mütəxəssislər hesab edir ki, əgər iş yerlərinin açılmasını, karantinin yumşaldılmasını istəyiriksə, koronavirusun yayılmaması üçün qoyulan şərtlərə əməl etməliyik.

Prezident İlham Əliyev də bildirib ki, mənfi nəticələr olduğu halda karantin rejimi sərləşdirilə bilər: "Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır".

Bəs əhali nəyə diqqət etməlidir?

Ölkənin baş infeksionisti Cəlal İsayev Lent.az -a açıqlamasında bəzi məqamlara toxunub. Aprelin 27-dən karantin rejiminin nisbətən yumşaldılmasını, bir sıra fəaliyyət sahələrinin işə başlamasını xatırladan C.İsayev əhalinin bəzən vəziyyəti düzgün qiymətləndirməyini deyib: "Əhali elə güman edir ki, artıq koronavirus təhlükəsi ölkəmizdə bitib. Amma belə deyil. Yoluxma halları az da olsa, hələ davam edir. Yoluxma sayındakıə stabillik dövlətin gördüyü tədbirlər sayəsində olub. İnsanlar hazırkı dövrün daha məsuliyyətli olduğunu başa düşməlidirlər. Əgər istəyiriksə ki, yimşaldılma tədbirləri davam etsin, mərhələli həyata keçirilsin, o zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tövsiyələrə ciddi əməl etmək lazımdır".

Həkim öz müşahidələrinə, şəhərdə yaşanan sıxlığa da toxunub: "Müşahidə edirəm ki, ictimai nəqliyyatda, marketlərdə çox sıxlıqdır. İnsanlar, xüsusilə ictimai nəqliyyatda maskadan istifadə etmir. Marketlərə gələnlər maskasız olur. Hətta oradakı işçilər insanlara deyir ki, nə üçün maska taxmamısınız? Əlinizi dezinfeksiya etmədən keçməyin və s. Əslində bunları kimsə deməməlidir, insanlar özləri bunlara əməl etməlidir. Hər bir insana polis nəzarət edə bilməz ki? Polisin öz işi var. Biz düşüncəli yanaşmalıyıq. Xəstəlik tam yox olmayıb. Davam edir və insanların maskadan istifadə etməsi çox vacibdir. Çünki xəstəliyin yayılmasında hava-damcı yolu xüsusi rol oynayır. Bəzi insanlarda xəstəlik əlamətsiz keçir, amma o virusu ifraz edir. Belə daşıyıcı insanların virusu yaymasının qarşısını almaq üçün hamı maskadan istifadə etməlidir".

Baş infeksionist deyib ki, əgər bu tədbirlərə əməl etməsək, xəstəliyin ikinci dalğası qayıda bilər: "Xəstəliyin ikinci dalğası qayıdarsa, daha sərt karantin tədbirlərinə əl atmalı olarıq. Qarşıdan yay gəlir. İnsanlar zəng edib çimərlik mövsümü ilə bağlı soruşurlar. Əgər çimərlik mövsümündə dənizin kənarında rahat istirahət etmək istəyiriksə, o zaman bu tədbirlərə indidən əməl etmək lazımdır. Marketdə nəsə almaq istəyirik. Alacağımız məhsula bizdən əvvəl neçə adamın əl vurduğunu unutmayaq. Ona görə marketə daxil olan hər kəs mütləq əlini dezinfeksiya etməlidir. Yaxud heç olmasa evə gedib əlimizi yuyana qədər üz -gözümüzə vurmamalıyıq. Marketlərin əksəriyyətində dezinfeksiya vasitələri var, bəziləri hətta temperaturu da ölçür. Biz də qaydalara uyğun hərəkət etsək, sağlamlığımızı qorumuş olarıq".

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık