Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılıb

“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılıb

50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gəncin iştirak ilə qədim Şəki şəhərində təşkil olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi uğurlu sonluqla bitib. Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılmasına qərar verib və bu barədə bəyannamə ilə çıxış ediblər.
Bəyannamədə gənclər bildiriblər ki, dünya gəncləri ilə birlikdə sülh, qardaşlıq və dostluğun təbliği, ətraf mühitin mühafizəsi, elmin və təhsilin inkişafı istiqamətində əməkdaşlıq edəcək, qlobal problemlərə qarşı birlikdə mübarizə aparacaq, dünya azərbaycanlılarının daha sıx birliyinə çalışacaq, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi və siyasi-hüquqi islahatlara dəstək verəcəyik.
“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin üzvləri gələcək fəaliyyətləri ilə bağlı qətnamə imzalayıblar. Qətnamədə gənclərin birliyi və qarşılıqlı əlaqələrini təmin edəcək bir təşkilatın yaradılması alqışlanır. Bildirilir ki, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adən-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi missiyaları öz üzərinə götürür.
Qətnamədə qeyd edilir ki, düşərgə ərzində vətənpərvərlik, təhsil, mədəniyyət, idman və digər mövzularda həyata keçirilən tədbirlər zamanı irəli sürülmüş ideya, təklif və təşəbbüsləri ümumiləşdirərək qərara alırıq ki, qısa zaman ərzində təşkilatın hüquqi məsələləri həll ediləcək və bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcəkdir.
Beləliklə, I Yay Düşərgəsi müxtəlif istiqamətlərdə maraqlı çıxışlarla yaddaşlara həkk olunmaqla yanaşı, azərbaycanlıların təşkilatlanması, daha sıx birləşməsi, dünyada Azərbaycan diaspor hərəkatının gücləndirilməsi, xaricdə yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, diaspor hərəkatının gəncləşdirilməsi və s. istiqamətlərdə uğurlu nəticələrlə də xarakterizə olunur. Bu baxımdan da, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılması alqışlanır və qeyd edilən uğurların bir tərkib hissəsi olaraq dəstəklənir.

yukarı çık