Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

ABŞ portalında azərbaycanlı məcburi köçkün qadın və uşaqlara həsr edilmiş məqalə dərc olunub

ABŞ portalında azərbaycanlı məcburi köçkün qadın və uşaqlara həsr edilmiş məqalə dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildiriblər ki, məqalədə 20 iyun tarixinin Beynəlxalq Qaçqınlar Günü kimi qeyd edilməsi kontekstində məcburi köçkün probleminin də diqqət mərkəzində saxlanılmasının önəmi vurğulanır. Bildirilir ki, məcburi köçkünlər beynəlxalq sərhədləri aşmadıqları üçün onların hüquqlarını tənzimləyən universal mexanizmin olmaması dünyada bu problemi daha da dərinləşdirir.

Yazıda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk respublika olmuş və hələ XX əsrin əvvəllərində Azərbaycanda qadın məktəbləri açılmışdı. “Təhsilli qadın həm də təhsilli cəmiyyət və millət deməkdir. Bunu anlayan Azərbaycan cəmiyyətində qadınların hüquqları, xüsusən də təhsil hüququ hər zaman qorunub və Azərbaycan qadınları cəmiyyətin bərabərhüquqlu üzvləri olublar. Lakin Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində məcburi köçkünə çevrilmiş minlərlə insan içərisində qadınların qarşılaşdıqları müharibə dəhşətləri, fiziki və mənəvi zorakılıq, öz yurd-yuvalarından didərgin düşməklə təhsil, səhiyyə və bu kimi digər həyati əhəmiyyətli xidmətlərdən məhrum olmaları, öz doğmalarını və gələcək ümidlərini itirmələri və digər faciələr onları ən həssas təbəqəyə çevirib”, - deyə müəllif qeyd edib.

Diqqətə çatdırılır ki, üzləşdikləri bütün dəhşətlərə baxmayaraq, məcburi köçkün qadınlar Azərbaycanın digər bölgələrində yeni həyata başlayaraq öz bacarıqlarını və təhsillərini inkişaf etdirmək, həyata yeni optimist nəzərlərlə baxmaq imkanı əldə edib, övladlarını böyüdüblər. Onların içərisində əzmkarlıq göstərərək keçmişin dəhşətlərinə qalib gəlməyi bacaran və uğur əldə edənlər isə nailiyyətlərini həm də bu çətinliklərə dözə bilməyib həlak olanların xatirəsinə həsr edirlər.

Müəllif yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər, xüsusən də qadın və uşaqların öz torpaqlarına qayıdaraq layiq olduqları həyat sürəcəklərinə inamını ifadə edir.

Mənbə: Trend

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık