Dünya Azərbaycanlıları İnformasiya Mərkəzi

Rusiya ilə münasibətlərdə yeni mərhələ...

Rusiya ilə münasibətlərdə yeni mərhələ...

“Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi” 
İctimai Birliyinin sədri, Hüquqşünas 
Anar Əsədli 

Azərbaycanda son günlər sosial şəbəkələrdə ziyalıların, müxtəlif siyasət adamlarının qaldırdığı narahatedici məsələlərdən biri də Rusiya konstitusiyasına edilən dəyişikliklər, daha dəqiq desək, bu dəyişikliklərin içində ehtiva olunan bir məqam - Rusiyanın keçmiş sovet respublikalarına olan ərazi iddiaları ilə bağlıdır. Gerçəkdən, nə baş verir? 

Rusiya bu dəyişiklikləri etməklə, doğrudanmı, onsuz da nəhəng ərazisini bir az da böyütmək istəyir, və ya siyasi cəhətdən kecmiş respublikaları şantajmı edir? 

Rusiyada baş verən bütün proseslər, son hadislər də daxil olmaqla, bizdə narahatlıq, gərginlik və həyəcan doğurur. Ölkənin taleyini, gələcəyini düşünən bir qism intellektual təbəqə həyəcan təbili çalır və narahatlığını bildirir. Bu narahatlığa səbəb nədir? 

Niyə hər zaman şimal qorxusu? 

Niyə Avropa, Amerika deyil, məhz Rusiya?! 

Çünki hökmranlıq etmək istəyən Qərb Rusiyadan fərqli olaraq ayı kimi qapını sındırıb içəri girmir. Hər yerə qan və nifaq salmır. Qərb yaxşı başa düşür ki, bir gün yaratdığı qan gölündə özü də boğula bilər. Amma Rusiya bunu dərk etmədən davamlı olaraq qəsbkar siyasətinə güc verir. Qərb regionda Saakaşvili yetişdirir. Rusiya isə xırda münaqişələrlə qan tökdürür və bu xalqları düşmən etməklə əlində cinayət aləti kimi istifadə edir - Qarabağda erməniləri alət etdiyi kimi... 

Nəzərə alsaq ki, torpaqlarımızın ikiyə bölünməsi də daxil olmaqla bütün tarixi torpaqlarımızın itirilməsi də birbaşa Rusiyanın işğalı ilə bağlıdır, o zaman narahatlıqlar anlaşılandır.

Qeyd edək ki, Rusiyanın konstitusiya dəyişikliyi və ərazi iddiaları birdən-birə ortaya çıxmayıb. Bu məsələnin iki üzü var. Bu iddiaları qaldırmaqla Rusiyanın bir dövlət olaraq marağı nədir? 
Bir siyasi lider olaraq Putinin niyyəti və strateji məqsədi nədir? 

Öncə Rusiyanın bugünki, gücü, iqtisadi imkanları, siyasi durumu ilə mövcud vəziyyəti nəzərdən keçirək.
 
Son əsrlər Rusiya da daxil olmaqla super güclərin arasında dünya ölkələrinə nüfüz etmə və idarə olunması baxımından qızğın savaşlar gedir. Rusiya son bir neçə əsrin super gücü kimi dünyada gedən bütün siyasi, hərbi münaqişələrdə birbaşa və ya dolayısıyla iştirak etmiş bir ölkədir. Yaxın tarixə nəzər saldıqda bu savaşlarda Rusiyanın hansı rol aldığı və nəticədə nə əldə etdiyi aydın olur. 

XX əsrin əvvəllərində və xüsusən də, II Dünya Savaşından sonra Rusiya böyük nüfuz qazandı. Şərqi Avropanı və Asiyanın böyük bir hissəsini nəzarəti altına aldı. Güc paylaşımında böyük uğurlar əldə etdi. Lakin əsrin ikinci yarısından sonra vəziyyət get-gedə dəyişir. Sualı belə qoyaq: iki Böyük Cahan Savaşından başqa XX əsrdə daha hansı savaşlar olmuşdur? Əfqanıstan savaşı, Koreya savaşı, Vyetnam savaşı, Balkan savaşları, İraq savaşı, Liviya savaşı, Suriya savaşı, uzun illərdir sürən İsrail-Fələstin münaqişəsi... Bütün bu savaşlar ya siyasi cəhətdən regionda gücün qorunmasına, ya da neftin paylaşılmasına yönəlik aparılmışdır. Rusiya bütün bu aparılan savaşlarda hər hansı bir yolla iştirak etmiş və böyük əksəriyyətində ya məğlub olmuş, ya da qismən güzəştlər hesabına mövqeyini qorumuşdur. 

SSRİ-nin de-fakto və de-yure dağılması isə Rusiyanın zəifləməsinə səbəb oldu. Varşava müqaviləsi (SSRİ-nin başçılıq etdiyi) ləğv edildi. Rusiya Avropadan (Şərqi Avropa və Baltika daxil olmaqla) birdəfəlik çıxarıldı. İkinci Dünya Savaşından sonra aparılan güc paylaşılması siyasətinə son qoyuldu. 

Rus insanı bu məğlubiyyətləri necə həzm etdi? 

Əlbəttə, bu məğlubiyyətlər uzun əsrlər “dünyanın ən güclüsü mənəm” deyən rusun qüruruna toxunur. Bu səbəbdən gücünü nisbətən qoruyub saxladığı keçmiş postsovet ərazisinə Rusiyanın tam mütləqiyyətlə yenidən sahib çıxmaq istəyi təbiidir. Putin rus insanının daha çox nə istədiyini bilir. İqtisadi cəhətdən zəif siyasəti nəticəsində Putin böyük səs itirə bilərdi. Zəif iqtisadiyyat, "Qasprom"- un dünya enerji sektorundakı mövqelərini itirməsi, antidemokratik mühit Rusiyanı yeni inqilaba sövq edə bilər. Lakin rus insanı üçün önəmli olan son dövrlər qırılmış qürurunu nisbətən bərpa etməkdir. Rusiyanın dünyaya meydan oxuması bütün iqtisadi problemlərin önündə gəlir, cunki rus insanının mahiyyətində şovinizm var. Ukrayna ilə savaş və Krımın əldə edilməsi bir daha yuxarıda deyilənləri təsdiqləyir. Krım məsələsində dünya susdu, və ya yumşaq möqe sərgilədi. Rusiyanın müəyyən regionlarda kiçik ərazilərə sahib çıxması dünyanı o qədər də narahat etmir. Məsələn, Gürcüstanda Abxaziyanın Rusiya nəzarətində olması o qədər də narahatlıq yaratmır, lakin Gürcüstana hücum edəndə Rusiya durduruldu. Rusiya geri çəkildi. Əlbəttə, Gürcüstan kimi kiçik dövlətin Rusiya kimi nəhəngi geri çəkilməyə məcbur edəcək gücü yox idi - lakin Qərbin vardır. Rusiya Abxaziya ilə kifayətlənməli oldu. Krım dünyanın siyasi marağından kənar ola bilər, lakin Ukrayna marağındadır. Belarusiya ilə Rusiya münaqişəsində də biz eyni vəziyyəti görürük. Ən yaxın müttəfiqinə artıq söz keçirə bilməyən Rusiya Lukaşenkoya ciddi kin bəsləyir. Bu, Qərbin nəzərindən qaçmır. Lukaşenko ilə tamamilə zidd dəyərlərə önəm verməsinə baxmayaraq, Rusiyaya görə məcburən Qərb Lukaşenkoya dəstək vermək zorundadır. Bu bir faktdır. Artıq orta Asiya respublikalarının və Qazaxıstanın da Rusiyadan dönüb Qərbə üz tutmaları an məsələsidir - hətta bu proses kövrək addımlarla başladı deyə bilərik.

Bu şimal nəhəngini narahat etməyə bilməz. Məhz Konstitusiyaya dəyişikliklərin bu dövrə təsadüf etməsi maraqlıdır və təbiidir. Rusiya şantaj üsuluna əl atıb. Lukaşenkonun Rusiyaya qarşı tarixi iddiası da Qərbin cavabı idi. Yəni, bu dəyişikliklər Qərbin nəzərindədir və bunu həyata keçirmək Rusiya üçün o qədər də asan deyil. Hansısa dövlətdən qopardığı kiçik torpaq parçaları Qərbin marağında olmaya bilər, lakin bu, Amerika və Avropanın strateji olaraq Rusiyanın işğal siyasətinə göz yumacağı anlamına gəlmir.

Əlbəttə, haqlı olaraq belə bir yanaşma ortaya çıxa bilər ki, Qərb məsələlərə yanaşmada dini bağlılığı önə çəkir, xristian qardaşlarının qayğısına qalır. Türk və ya müsəlman olmaq mövqeyimizi zəiflədir, Qərbin yanında, eləcə də Rusiya qarşısında bizi zəif duruma düşürür. Döğrudur, Qərbin dini maraqları önə çıxarmasında həqiqət var. Lakin bugünkü siyasi maraqlar təkcə din üzərində qurula bilməz. Azərbaycan və Qafqaz regionu xüsusi olaraq Qərbin və Amerikanın marağında olmaya bilər və regionda Rusiyanın de-fakto söz sahibi olması onları bir o qədər də narahat etmir. Çünki burada mövqeləri maraqlarını təmin edəcək qədər qorunur. Lakin bu o demək deyil ki, Rusiyanın regionu tamamən işğal etməsinə göz yumulacaq. Bunu düşünmək ən azından son dövrlər böyük anlamda Ön Asiyada baş verənləri görməzdən gəlməkdir. Rusiya İraqda uduzdu, Liviyada uduzdu və tamamən mövqelərini itirmək üzrədir. Türkiyənin Suriya və Liviyada apardığı uğurlu hərbi əməliyyatlar bu mövqelərdə hələ də Amerika maraqlarından xəbər verir. Lakin bir həqiqət var ki, şimal nəhəngi bizim qorxulu düşmənimizdir, bizdən bütün sahələrdə qat-qat güclüdür, regionu işğal etmək istəyindən əl çəkməmişdir. Bizi hansı təhlükə gözləyir? Bu suala cavab tapmamışdan öncə bir şeyi qeyd edək ki, işğal siyasəti işə düşərsə, bura təkcə Azərbaycan aid edilməyəcək. Bütövlüklə regionun işğalından söhbət gedə bilər ki, bu da hazırkı Rusuiya durumunda mümkünsüz görünür. 

Bu məsələdə işə düşə biləcək mexanizm azsaylı xalqların yaşadığı ərazilərdə Rusiyanın törədə biləcəyi təxribatlardır.

Bu, gerçək bir təhlükədir.

Rusiyanın dəfələrlə uğurla istifadə etdiyi kartdır. Deməli, biz cəmiyyət olaraq bu ərazilərdəki baş tuta biləcək təxribatlara hazır olmalıyıq. Qeyri-hökumət təşkilatları, ictimai institutlar buna qarşı birgə işlər görməli, şimaldan gələ biləcək təhlükənin əvvəlcədən hazırlıqlı şəkildə qarşısı alınmalıdır. Bir şey həqiqətdir - Azərbaycan tarixən Rusiya torpağı olmamış, ruslarla müştərək dövlətə sahib olmamışdır. Qacarların məğlubiyyəti və xanlıqların birgə çıxış etməməsi nəticəsində Rusiya işğalı baş tutmuşdu. Azərbaycan Çar Rusiyası tərəfindən (1813,1828) işğalı nəticəsində kifayət qədər torpaq itirərək öz torpaqları ilə sərhəd olmuş bir məmləkətdir. Rusiyanın bizə de-yure heç bir ərazi iddiası ola bilməz. Amma bizim ola bilər. Əgər son dövrlər tarixçilər tərəfindən İrəvan məsələsi durmadan gundəmə gətirilirsə, o zaman Dərbənd məsələsi ve s. torpaqlarımız da gündəmimizdə olmalıdır. Bu məsələlərlə bağlı cəmiyyəti ciddi şəkildə hazırlasaq, şimal təhlükəsinin tarixi-siyasi hücumunun qarşısını ala bilərik. Qalar buradakı məmur dayaqları – onlar da zamanla həll olunacaq. Ən azından bioloji olaraq nəsil dəyişimi gedəcək. Ona görə də indiki və gələcək nəsillərə görə üzərimizə düşən iş tarixi və siyasi cəhətdən maarifləndirmədir. 

Vətəndaş cəmiyyətləri institutları, müxalif siyasi partiyalar, ziyalı və aydınlar ciddi şəkildə tarixi torpaqların qaytarılması məsələsini gündəmə gətirməli, bu mövzuları pandemiyadan və s. gündəlik məsələlərdən daha öndə tutmalıdırlar. Rusiyanın gücü, təhlükə imkanları haqqında dəqiq analiz və təhlillər aparılmalı, cəmiyyətdə dolğun rəy yaradılmalıdır. Unutmamalıyıq ki, Rusiya hər zaman Qafqazdakı işğalları nəticəsində imperialist siyasətinin uğurunu görmüşdür. Elə bu məqamlardan dolayı çıxış edərək tarixi torpaqların irredentizmi daima siyasi gündəmin ən başlıca mövzusu olmalı və biz artıq tarix boyu Rusiya tərəfindən məruz qaldığımız işğal həqiqətlərini gündəmdə tutmaqla yeni siyasi-diplomatik münasibətlərə keçid etməliyik. Rusiyanın və Putinin bu gün marağının nə olmasından asılı olmayaraq Azərbaycan daima bu qonşu dövlətlə bağlı düzgün strateji və ideoloji xətt tutmalıdır.

Beğendim 0 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0
yukarı çık